Fəlsəfə Nədir? Sokratın Mirası
Fəlsəfənin tərifi, mənşəyi, 6 əsas sahəsi və Sokratın sorğulama metodu ilə tanışlıq.
Fəlsəfə nədir?
Philo (sevgi, axtarış) və Sophia (bilgəlik, hikmət) sözlərinin birləşməsindən yaranıb. Fəlsəfə hazır cavabları qəbul etmək deyil, “niyə?” sualı ilə həyatı, insan təbiətini və özünü hər gün yenidən inşa etmək sənətidir.
1) Bilməklə Bilgəlik arasındakı fərq nədir?
Bilmək faktları bilməkdir, məsələn iqtisadiyyat dərsində inflyasiyanın nə olduğunu bilmək sadəcə məlumatdır.
Bilgəlik isə o məlumatı harda, necə və ən əsası niyə istifadə edəcəyini anlamaqdır. Bu, həyatın dərinliyini və mənasını dərk etmək bacarığıdır.
İnsan deyir: Mən bir şeyi zatən bilirəmsə, o mənə yetərli deyilmi? Əslində bəziləri üçün yetərlidir, məsələn sən şahmatı strateji düşünmək üçün öyrənirsən.
Bilmək - Daşların necə hərəkət etdiyini və bəzi açılışları bilməkdir. Bilgəlik - Rəqibin psixologiyasını oxumaq, nə vaxt geri çəkilməli olduğunu və nə vaxt risk etməli olduğunu hiss etmək bacarığıdır.
Qısası: Bilmək sənə “aləti” verir, bilgəlik isə o alətlə nəyi və niyə inşa etməli olduğunu deyir.
2) Sahib olmaq deyil, axtarmaq
Fəlsəfə bir nəticə deyil, prosesdir. Filosof hər şeyi bilən adam deyil, bilmədiyini qəbul edib həqiqətin ardınca qaçan aşiqdir.
3) Fəlsəfə bir elmdirmi?
Tarixə baxsaq, fəlsəfə bütün elmlərin başlanğıcıdır. Qədim dövrlərdə fizika, biologiya ayrıca bir sahə deyildi. Hamısı təbiət fəlsəfəsi adlandırılırdı. Yəni onu bütün elmlərin anası adlandıra bilərik.
Məqsəd eynidir: hər ikisi insanı, kainatı, sistemi anlamağa çalışır. Elmin istifadə etdiyi məntiq fəlsəfənin bir qoludur. Yəni məntiq olmasa, elm qurula bilməzdi. Kainatın bir işləmə mexanizmi (elm) həmişə var. Amma biz o mexanizmi ancaq məntiq (fəlsəfə) süzgəcindən keçirərək anlayırıq.
4) Fəlsəfənin əhatə etdiyi 6 əsas ana sahə
I. Metafizika (Varlıq fəlsəfəsi)
Həqiqət nədir? Mən varammı? Kainatın arxasında nə dayanır? suallarını araşdırır.
Niyə var? İnsan ətrafındakı maddələrin sadəcə görünüşdən ibarət olmadığını hiss edir və köklərini anlamaq istəyir.
II. Epistemologiya (Bilgi fəlsəfəsi)
Biz nəyi bilə bilərik? Bilik nədir? Doğruya necə çataq? sualları ilə məşğul olur.
Niyə var? İnsan yanılmaqdan qorxur və əlindəki məlumatın, məsələn iqtisadiyyatdakı rəqəmlərin nə dərəcədə real olduğunu yoxlamaq istəyir.
III. Etika (Əxlaq fəlsəfəsi)
Nə etməliyəm? Yaxşı və pis nədir? Ədalətli hərəkət hansıdır? suallarına cavab axtarır.
Niyə var? İnsanlar birlikdə yaşayarkən bir-birlərinə zərər verməmək və “mənalı” bir həyat sürmək üçün qaydalara ehtiyac duyurlar.
IV. Məntiq
Düzgün düşünmənin qaydalarını öyrədir. Arqumentlərin necə qurulmasını analiz edir.
Niyə var? İnsan ağlı xaosa meyillidir, məntiq isə düşüncələri nizama salan əməliyyat sistemidir.
V. Estetika (Gözəllik fəlsəfəsi)
Gözəllik nədir? Sənət nədir? Zövq subyektivdirmi? sualları ilə maraqlanır.
Niyə var? İnsan sadəcə funksionallıqla kifayətlənmir, o ətrafında bir harmoniya və premium hiss yaratmaq istəyir.
VI. Siyasət fəlsəfəsi
Dövlət niyə var? Azadlıq nədir? İdeal cəmiyyət necə olmalıdır? suallarını verir.
Niyə var? İnsanların sistem adlandırdığımız o böyük mexanizm daxilində necə daha yaxşı idarə oluna biləcəyini tapmaq üçün.
Bu 6 sahə fəlsəfənin gövdəsi və budaqlarıdır. Amma bir ağacı anlamaq üçün onun köklərinə enmək lazımdır. Qərb düşüncəsinin təməli məhz burada yazılıb: Sokratdan Öncəki Dövr (Presokratiklər).
Niyə hər şey Sokratdan öncə və sonra bölünür? Çünki Sokrat sistemi elə dəyişdi ki, tarixçilər ortadan xətt çəkdilər. İlk filosof Thales idi, o presokratik idi. O yalnız dünyanın nədən yarandığını, hardan gəldiyini, niyə yaradıldığını, təbiətin riyazi olaraq necə açıqlana biləcəyini öyrənirdi, yəni bir sözlə desək təbiətşünas fizik fəlsəfəçisi idi.
Sokrat: Oyunu dəyişdirən adam
Sokrat fəlsəfə çağının (MÖ 469-399) ən önəmli fəlsəfəçilərindən biri idi. Presokratiklər metafizik dünyanın təməlini araşdırırdılarsa, Sokrat Etika (Ethics) üzərinə fokuslandı. Onun əsərləri və fikirləri qərb fəlsəfəsinin təməlini qurdu. Onun ən böyük özəlliyi budur ki, o, heç vaxt kitab yazmayıb. Onun haqqında bildiyimiz hər şey “Sokratik Problem” adlanır və əsasən üç mənbəyə dayanır:
-
Platon (Onu idealist bir qəhrəman kimi göstərən tələbəsi).
-
Ksenofon (Onu praktik və əxlaqlı bir vətəndaş kimi təsvir edən tarixçi tələbəsi).
-
Aristofanes (Onu tənqid edən komediyaçı).
Sokrat haqqında bildiyimiz hər şey başqalarının yazdıqlarına əsaslanır və hər mənbə bir-birindən fərqli olduğu üçün realda kim olduğu, nə öyrətdiyi haqqında çox şeyi bilmirik. Buna görə də bu vəziyyət Sokrat Problemi olaraq adlandırılmışdır. Başqalarının yazdığından öyrəndiyimizə görə böyük ehtimalla təməl Yunan təhsili almışdı. Yaraşıqlı biri deyildi (o zamanlar xarici görünüş önəmli idi). Peloponnesos müharibəsində orduda xidmət etmişdi və özündən cavan bir qadınla evlənərək üç oğul sahibi oldu və yoxsulluq içində yaşadı.
Sokrat haqqında ən qəti şəkildə yazılmış ayrıntı isə onun ölümüdür. Sokrat həyatda olanda Afina dövləti geriləməyə başlamışdı. Peloponnesos müharibəsində Sparta qarşısında utancverici bir məğlubiyyət aldıqdan sonra Afina bir növ kimlik krizi yaşadı və fiziki gözəlliyə, pul xəyallarına, keçmişi həddindən artıq romantikləşdirməyə qəribə bir takıntı saldı. Sokrat isə belə bir yaşam tərzini tənqid etdiyi üçün bir çox insanın hücumuna məruz qaldı. MÖ 399-cu ildə tutularaq dinsiz olduğu və gənclərin əxlaqını pozduğu ittihamı ilə məhkəməyə çıxarıldı. Sokrat günahkar çıxarılaraq zəhərlə edama məhkum edildi. Sokrat isə qaçıb sürgün həyatı yaşamaq yerinə - baxmayaraq ki bu şansı var idi - heç bir tərəddüd etmədən o zəhəri içdi.
Sokratın qaçmamağının səbəbi sadəcə cəsarət deyildi, bu onun fəlsəfəsi idi. O dedi ki: “Mən bütün ömrüm boyu Afinanın qanunlarının verdiyi haqlardan istifadə etdim. İndi qanunlar mənim əleyhimə işləyəndə qaçsam, öz prinsiplərimə xəyanət etmiş olaram.” O, fiziki olaraq ölməyi, mənəvi olaraq (fikirlərinin) ölməsindən üstün tutdu.
Sokratın fəlsəfəyə töhfəsi
Sokratın tez-tez sitat gətirilən bir sözü vardı: “Sorğulanmamış həyat yaşamağa dəyməz.” Onun qənaətinə görə, insanın müdrik olması üçün əvvəlcə özünü tanıması vacibdir. Sokrat insanların hərəkətlərinin birbaşa onların zəka səviyyəsi və cahilliyi ilə bağlı olduğunu düşünürdü. O inanırdı ki, insanlar maddi dəyərlərə deyil, daxili inkişaflarına yönəlməlidirlər və yaxşı davranmaqla həqiqətən yaxşı insan olmaq arasındakı fərqi dərk etməyə çalışırdı. Sokrat bilik, şüur və əxlaq sahəsində ortaya qoyduğu bənzərsiz yanaşmalarla fəlsəfənin inkişaf istiqamətini köklü şəkildə dəyişdirmişdir.
Sokrat metodu
Sokratı məşhur edən şey Sokrat metodudur. Bu metod hal-hazırda da Amerikada hüquq fakültələrində aktiv olaraq istifadə edilir. Bu metodun əsası sual verməkdir. Sokrat insanlara hazır cavab vermirdi, əksinə ard-arda suallar verərək qarşısındakı insanın:
- Öz fikrini dəqiqləşdirməsini
- Ziddiyyətlərini görməsini
- Bilmədiyini fərq etməsini
təmin edirdi.
Yəni məqsəd öyrətmək yox, düşündürmək idi.
Necə işləyirdi?
Sokrat öz metodunu iki mərhələdə tətbiq edirdi:
-
Sokratik İroni: Qarşısındakı insana “mən heç nə bilmirəm” deyərək yaxınlaşırdı. Ona suallar verərək, həmin insanın “çox bildiyini sandığı” mövzuda əslində nə qədər ziddiyyətli və səhv olduğunu özünə sübut etdirirdi.
-
Maieutika (Doğurtma sənəti): Sokrat deyirdi ki, mən heç kimə yeni bir şey öyrətmirəm, sadəcə onların beynində onsuz da var olan həqiqəti “doğurtmağa” kömək edirəm. Necə ki, bir mama uşağı doğurtmursa, sadəcə doğuşa kömək edirsə, filosof da biliyi belə ortaya çıxarır.
Yekun: Real Həyat vs. İllüziyalar
Birinci həftənin qeydləri göstərir ki, fəlsəfə sadəcə tozlu kitablardakı cümlələr deyil. Bu, sənin hər gün qarşılaşdığın o “sistem”lə mübarizə aparmaq üçün ən güclü silahındır. Sokratın bizə buraxdığı ən böyük dərs budur: Kütlənin “doğru” dediyi şey, çox vaxt sadəcə rahat bir yalandır. Afinanın o dövrdəki kimlik krizi, insanların pul və saxta gözəllik dalınca qaçması, bu gün LinkedIn-də gördüyümüz o boş “romantikadan” fərqlənmir.
Bu həftənin nəticəsi:
-
Bilik hər kəsdə ola bilər, amma Bilgəlik o biliyi bazarda dəyərə çevirmək və sistemin boşluqlarını görməkdir.
-
Sual vermək zəiflik deyil, mövcud xaosu “debug” etmək üçün ilk addımdır.
-
Özünü tanımaq isə sənə digərlərinin təzyiqinə qarşı “soyuqqanlı” qalmağı öyrədir.
Sokrat öldü, amma onun “oyunu dəyişdirən” məntiqi hələ də yaşayır. Biz də bu qeydlərlə sadəcə dərs keçmirik, öz intellektual əməliyyat sistemimizi yenidən yazırıq.
“Sorğulanmamış həyat yaşamağa dəyməz.”
Əsas Terminlər
- Fəlsəfə
- Yunanca 'philosophia' - müdriklik sevgisi. Varlıq, bilik, dəyərlər və əxlaq haqqında sistematik düşüncə.
- Sokrat metodu
- Suallar vasitəsilə həqiqəti axtarma üsulu. Dialektik sorğulama.
- Sokratik İroni
- Sokratın 'mən heç nə bilmirəm' deyərək yaxınlaşıb, suallarla qarşısındakının ziddiyyətlərini üzə çıxarması.
- Maieutika
- Doğurtma sənəti - insanların beynində artıq var olan həqiqəti suallarla ortaya çıxarma metodu.
- Metafizika
- Varlıq fəlsəfəsi - həqiqətin, varlığın və kainatın təməlini araşdıran sahə.
- Epistemologiya
- Bilgi fəlsəfəsi - nəyi bilə bilərik, bilik nədir sualları ilə məşğul olan sahə.
- Presokratiklər
- Sokratdan öncəki filosoflar - təbiətin mənşəyini və kainatın işləmə prinsipini araşdıran düşünürlər.
Oxu Materialları
Oxu Siyahısı
2 mənbəDüşünmə Sualları
- Bilmək və bilgəlik arasındakı fərq nədir?
- Fəlsəfə bir elmdirmi?
- Sokrat niyə qaçmaq yerinə zəhəri içdi?
- 'Sorğulanmamış həyat yaşamağa dəyməz' ifadəsini necə başa düşürsünüz?
Bilik Yoxlanışı
Biliyinizi Yoxlayın
1.Şahmat oynayarkən rəqibin gedişlərini əzbərləmisən, amma rəqib gözlənilməz bir gediş edəndə panikaya düşürsən. Səndə çatışmayan nədir?
2.Dostun sənə 'Mən hər şeyi bilirəm, fəlsəfə boş şeydir' deyir. Sokratın bu dosta reaksiyası necə olardı?
3.Bir proqramda kod yazırsan və səhv (bug) çıxır. Sistemin ana koduna (source code) enib xətanı kökündən həll etmək istəyirsən. Hansı fəlsəfi sahədə fəaliyyət göstərirsən?
4.Afina məhkəməsi sənə 'Ya fikirlərindən dön, ya da öl' deyir. Qaçmaq şansın olduğu halda qalıb zəhəri içirsən. Niyə?
5.Sənə görə fəlsəfə nədir?
Nəticəniz: 0 / 5
Tərəqqiniz
Bilik Ağacı