Əsas məzmuna keç
· 6 dəq oxu · Sadat Nazarli

Ölüm həyatı mənalı edir, yoxsa sonsuz yaşam?

Ölümün qaçılmazlığı qarşısında cəmiyyətin sırıdığı saxta uğur modelləri və bizim həqiqi məna axtarışımız haqqında.

Bu esseni yazmamışdan qabaq kiçik bir araşdırma apardım; qısa bir form yaradıb anonim insanların fikirlərini öyrənmək istədim. İnsanların nəyə görə yaşadıqlarını daha yaxşı anlamaq üçün etdiyim bu araşdırmadan belə bir nəticəyə gəlmək olur ki: biz ölümdən qorxsaq da, əslində ona möhtacıq.

Gen Z və Məna Axtarışı

Statistikaya əsasən, bu mövzuya Gen Z üzərindən toxunacağam. 1997-2012-ci illər aralığında doğulan bu nəsil üçün həyatın anlamı bir az daha qəlizdir. Onlar artıq cəmiyyətin qoyduğu qanunlar və qaydalarla yaşamaq, onları davam etdirmək istəmirlər. Məsələn, bizim ana-atamızın məqsədi bizi “yaxşı yerə” gətirib çıxarmaq idisə, Gen Z nəslində əsas fokus özümüzük.

Amma bu essedə danışacağımız mövzu bir az fərqlidir. Mən ölümü öz gözümdən necə görürəm, ondan bəhs edəcəyəm.

Ölüm həqiqətən nədir? > Bioloji olaraq canlı orqanizmin tənəffüs, qan dövranı və maddələr mübadiləsinin geri-dönməz şəkildə dayanmasıdır.

Lakin ölüm, həm də həyatı mənalı edən əsas amildir. Hal-hazırda bir çox insan ölümü dərk etmir, çünki Martin Haydeggerin dediyi kimi: “İnsan yalnız o zaman ölümü dərk edir ki, o, başqaları üçün yox, özü üçün yaşayır.”


Biz Kimin Ssenarisini Oynayırıq?

İnsanlar həqiqətən özünə görə yaşayırmı? Qısa cavab: çox vaxt xeyr.

Bəs niyə? Çünki cəmiyyət nəyi bəyənirsə, biz də onu bəyənirik; onlar nəyə uğur deyirsə, biz də onun dalınca qaçırıq. Gəlin real həyatdan nümunə gətirim: Azərbaycanda cəmiyyət statusu, ad-sanı və görünüşü bəyənir. Burada uğur vizual olmalıdır. Əgər heç kim sənin uğurlu olduğunu görmürsə, cəmiyyət üçün də uğurlu sayılmırsan.

Nəyin dalınca qaçırlar?

  • Brend geyimlər
  • Son model bahalı telefonlar
  • Status simvolu olan maşınlar

İkinci olaraq, “təhsil”. Yəqin ki, niyə dırnaq arasında yazdığımı anladınız. Azərbaycanda təhsil çox vaxt sadəcə diplomdur. Dəxli yoxdur hansı ixtisası bitirdin - lap meşəçilik, balıqçılıq olsun - təki əlində bir bakalavr diplomu olsun, bəsdir. Çünki diplomu olmayan insan sistemin bir parçası kimi qəbul edilmir.

Və ən sevdiyim nümunə: toy və nümayiş mədəniyyəti. Toy bizdə iki insanın birliyi deyil, iki ailənin cəmiyyətə öz gücünü və nüfuzunu göstərdiyi bir şoudur. Ən bahalı şadlıq sarayı, 500 nəfər qonaq və hər kəsin danışacağı bir mərasim… Düşünün ki, insan illərlə yığdığı pulu bir gecədə xərcləyir ki, sadəcə “filankəs çox qəşəng toy elədi” desinlər.

Niyə belədir? Çünki “Qonşu nə deyər?” faktoru hələ də aktualdır.


Sonsuzluq Tələsi

Gəlin əsas mövzuya keçək: Sonsuzluq tələsi. Ölüm əslində bir düşmən deyil; bizi bu “qonşu nə deyər” zəncirindən qurtaran bir xilaskardır. Əgər insanın vaxtı sonsuz olsaydı, 500 il diplom dalınca qaçardıq, 1000 ili isə qohumları razı salmağa sərf edərdik. Şəxsən bu mənə çox qorxulu gəlir. Öləcəyimiz faktı bizə limitli zaman çərçivəsində həyatın mənasını tapmaq, nə istədiyini bilmək və zövq alaraq yaşamaq şansı verir.

Hələ də ətrafımda ölümdən qorxan, sonsuz yaşamaq istəyən insanlar var. Onları heç vaxt anlaya bilmirəm. Bizim həyatımızı mənalı edən ölümdür; bunu yadda saxlayın.

Çox insan bu dünyanı tam istədikləri kimi yaşamadan “imtahan” olaraq görür və öləndən sonrakı həyatda sonsuzluğu arzulayırlar. Bizə vəd olunan cənnət əslində ən böyük psixoloji tələ ola bilərmi? Çünki sonsuz həyat - istər rəqəmsal serverdə olsun, istərsə də metafizik aləmdə - insanın ən böyük gücünü, yəni seçim etmə və mübarizə aparma qabiliyyətini əlindən alır.

Əgər hər şey sonsuzdursa, bu gün etdiyim yaxşılığın və ya qazandığım uğurun nə mənası var? Məgər bizi insan edən şey sonsuza qədər xoşbəxt olmaq yox, bitəcəyini bildiyimiz bu qısa ömürdə nəsə yaratmaq cəsarəti deyilmi?


Son Söz

Nəysə, çox danışdım, səni də yordum. Son sözümü deyib çıxıb gedirəm.

Bəlkə də bizim qorxduğumuz şey ölmək deyil, əslində yaşamadan bu dünyadan köçməkdir. Cəmiyyətin bizə vəd etdiyi sonsuz uğur, vizual status modelləri, bahalı maşınlar və içi boş diplomlar əslində ölümdən qaçmaq üçün qurduğumuz müvəqqəti sığınacaqlardır. Amma ölüm bizi gec-tez o sığınacaqlardan çıxarır və gerçəklə üzləşdirir.

Əgər bu gün sənə sonsuz bir ömür vəd edilsəydi, sən sadəcə bu “şou”nun bir parçası olaraq qalacaqdın. Çünki tələsməyə, yaratmağa və risk almağa səbəbin olmayacaqdı. Biz çatışmazlıqlarımızla, məhdud zamanımızla və bu qısa müddətdə öz mənamızı yaratmaq cəsarətimizlə insanıq.

Ona görə, dostlar, çalışın bu qısa həyatda maksimum özünüzə görə yaşayın, heç kimə görə yox.

← Bütün yazılar
Paylaş